Azərbaycan balığı Avropa ölkələrinə ixrac ediləcək

12:04 - 28.07.2025


28 iyul, Fineko/abc.az. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi yerli ərzaq məhsullarının, xüsusən də Avropa İttifaqı bazarlarına ixracının genişləndirilməsi məqsədilə məhsulların keyfiyyətinin tənzimlənməsi və monitorinqini davam etdirir.

ABC.AZ xəbər verir ki, Azərbaycandan Avropa bazarlarına akvakulturada yetişdirilən nərəkimilərdən əldə olunan kürü məhsulunun ixrac icazəsi 2025-2026-cı illərdə də qüvvədə saxlanılır. Balıq məhsulları üzrə monitorinq planı da hazırlanıb və Avropa Komissiyasının Səhiyyə və Qida Təhlükəsizliyi üzrə Baş Direktorluğuna təqdim edilib. Texniki qiymətləndirmədən sonra plan təsdiqlənib və bu da Azərbaycan balıqlarının AB ölkələrinə ixracına yol açıb.

Heyvan mənşəli məhsulların AB-yə qəbul edilməsi üçün ölkələr təhlükəsizlik və qanunvericilik sistemlərini Avropa tələblərinə uyğunlaşdırmalıdırlar.