11:41 - 27.05.2025
27 may, Fineko/abc.az. Aparılan təhlillər 2024-cü il dövlət büdcəsinin icrası ilə bağlı təqdim olunan sənədlərdə məlumatlılığın nisbətən artırıldığını, izah və məlumatların keyfiyyətinin yüksəldilməsi istiqamətində addımların atıldığını göstərmiş, Hesablama Palatası fiskal qanunvericilikdə dəyişikliklərin zəruri olduğu qənaətinə gəlib.
ABC.AZ xəbər verir ki, bu barədə Hesablama Palatasının “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə verdiyi rəydə bildirilir.
Sənədə əsasən, “Büdcə sistemi haqqında” qanunun 20-ci maddəsinə uyğun olaraq dövlət büdcəsinin icrası ilə bağlı aylıq, rüblük və illik hesabatlar təqdim edilir. Qanunvericiliyin tələblərinə uyğun olaraq bu məlumatlar təqdim edilib, illik hesabatda əks etdirilmiş məlumatların nisbətən əhatəli olduğu qənaətinə gəlinib.
Əvvəlki ildə olduğu kimi, hesabat ili üzrə də PHŞ-lərə dövlət sifarişi üzrə ayrılmış məbləğ illik hesabata ayrıca əlavə şəklində təqdim edilib, dövlət sifarişi ilə dövlət büdcəsi hesabına təyinatlı tədbirlərin həyata keçirilməsi üçün müqavilənin müvafiq icra hakimiyyəti orqanı və ya tabe olduğu dövlət orqanı ilə bağlanmasına dair bölgü göstərilib. Dövlət büdcəsinin Ehtiyat Fondu üzrə istifadə olunmuş vəsaitlə bağlı təqdim edilmiş məlumatda Fondda nəzərdə tutulmuş vəsait hesabına və qanunvericiliyə uyğun olaraq qənaət olunmuş vəsaitin Fonda yönəldilməsi hesabına maliyyələşdirilmiş istiqamətlər fərqləndirilib.
18 Avqust 2026