“3G Capital” investisiya fondu geyim istehsalçısı “Skechers”i satın alır

10:29 - 6.05.2025


6 may, Fineko/abc.az. “3G Capital” investisiya fondu Amerikanın idman ayaqqabıları və geyimləri istehsalçısı “Skechers”i satın alır.

ABC.AZ xəbər verir ki, bu barədə “Reuters”in hazırladığı məqalədə dərc edilib. Sözügedən yazıda qeyd edilib ki, sövdələşmənin ümumi dəyəri 9.4 milyard dollara çatır.

Müqavilənin bu ilin üçüncü rübündə bağlanması planlaşdırılır. Bundan sonra 1999-cu ildə birjaya çıxan “Skechers” yenidən özəl şirkətə çevriləcək.

Müqavilənin şərtlərinə əsasən, “3G Capital” aldığı hər bir “Skechers” səhmi üçün 63 dollar nağd ödəyəcək ki, bu da mayın 2-də, cümə günü bağlanış qiymətindən 28% bahadır. Razılaşmanın elanından sonra istehsalçının səhmləri 26% artıb.