Adidas şirkətinin xalis mənfəəti birinci rübdə 428 milyon avroya yüksəlib

15:11 - 29.04.2025


29 aprel, Fineko/abc.az. Almaniyanın idman geyimləri və ayaqqabıları istehsalçısı olan Adidas şirkətinin 2025-ci ilin birinci rübündə xalis mənfəəti 428 milyon avroya yüksəlib. Ötən ilin eyni dövründə bu göstərici 170 milyon avro təşkil etmişdi.

ABC.AZ xəbər verir ki, bu barədə şirkətin press-relizində məlumat verilir.

Birinci rübdə Adidas-ın gəliri ötən ilki 5,45 milyard avrodan 6,15 milyard avroya qədər artıb. Əməliyyat mənfəəti isə 610 milyon avroya yüksəlib. Vergiyə qədərki mənfəət 585 milyon avro olub.

Şirkət 2025-ci il üzrə əməliyyat mənfəətinin 1,7-1,8 milyard avro səviyyəsində olacağını proqnozlaşdırır. Gəlirin isə 7-9% arasında artacağı gözlənilir. Adidas onu da qeyd edib ki, qlobal ticarət müharibələri ilə bağlı qeyri-müəyyənliklər səbəbindən mənfəət proqnozlarını dəyişdirməyib.