Metroda tunel tikintisi zamanı xətti dəyişmək üçün alternativ ictimai nəqliyyatdan istifadə ediləcək

10:16 - 11.04.2025


11 aprel, Fineko/abc.az. “Bakı Metropoliteni” nin Qırmızı və Yaşıl xətlərinin ayrılması məqsədi ilə tunel tikintisi zamanı sərnişinlər xətti dəyişmək üçün alternativ ictimai nəqliyyatdan istifadə etməli olacaq.

"Report" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, metroda sərnişin axınının tənzimlənməsi, qatarların hərəkət intervalının optimallaşdırılması və ümumi xidmət keyfiyyətinin artırılması məqsədilə xətlərin ayrılması istiqamətində kompleks tədbirlərə başlanılıb.

Hazırda metropoliten şəbəkəsində üç xətt fəaliyyət göstərir: qırmızı, yaşıl və bənövşəyi. Onlardan yalnız bənövşəyi xətt tam müstəqil rejimdə çalışır. Qırmızı və yaşıl xətlər isə “28 May” stansiyasında kəsişərək birgə infrastrukturdan istifadə edirlər.

Mövcud şəraitdə problemin əsaslı və uzunmüddətli həlli – yaşıl və qırmızı xətlərin bir-birindən tam şəkildə ayrılması və hər birinin müstəqil fəaliyyət rejiminə keçməsidir.

Bu məqsədlə ilk olaraq “Dərnəgül” elektrik deposunun tikintisinə start verilib. Bu depo yaşıl xəttin müstəqil texniki təminatını, digər xətlərdən tam ayrılaraq müstəqil fəaliyyət göstərməsini və qatarların gecələməsini təmin edəcək.

Bundan başqa, layihə çərçivəsində bu işlərə paralel şəkildə sərnişinlərin rahat keçidi üçün “28 May” və “Cəfər Cabbarlı” stansiyalarını birləşdirəcək əlavə keçid tunelinin tikintisi də planlaşdırılır.