Ötən il xarici valyutada kreditlərin payı 16 %-ə qədər azalıb

14:44 - 28.02.2025


28 fevral, Fineko/abc.az. “Manatın sabit məzənnəsi və istehlak kreditləşməsi ilə bağlı sərt tənzimləyici tələblər risklərin azaldılmasına kömək edir. Xarici valyutada kreditlərin payı 2024-cü ilin sonuna 16 %-ə qədər (2020-ci ildə qeydə alınmış 30 %-ə qarşı) azalıb”.

ABC.AZ xəbər verir ki,  bu “Moody’s” Agentliyin qiymətləndirməsində öz əksini tapıb.

Hesabatda qeyd olunub ki, qiymətləndirilən beş Azərbaycan bankı (“Azərbaycan Beynəlxalq Bankı”, “Kapital Bank”, “Xalq Bank”, “Bank Respublika” və “Bank of Baku”) əhəmiyyətli kapital ehtiyatlarına malikdir. Maddi əsas kapital əmsalı (TCE) 2023-cü ilin sonuna olan vəziyyətə görə risk dərəcəsi üzrə ölçülmüş aktivlərin (RWA) orta hesabla 18 %-i səviyyəsindədir. “Moody’s”, RWA-in böyüməsi yavaşladıqca yaxın 12-18 ay ərzində TCE/RWA nisbətinin ümumiyyətlə sabit qalacağını gözləyir. Bununla yanaşı, Azərbaycan Mərkəzi Bankı (AMB) kreditləşmənin artım tempinin sürətlənməsinə cavab olaraq 0,5 % həddində kontr-tsiklik kapital buferi (1 mart 2025-ci il tarixindən qüvvəyə minir) tətbiq edib.

Agentliyin fikrincə, bu daha yüksək kapital tələbləri güclü kapital ehtiyatları və kapitalın davamlı daxili generasiyası nəzərə alınmaqla banklar üçün idarəolunan olmalıdır.

“Bəzi banklar böyümə və dividend ödəmə strategiyalarını düzəltməli ola bilər, lakin ümumilikdə sektor yeni tənzimləmə tələblərini əhəmiyyətli kredit pozuntuları olmadan həll etməlidir”, – “Moody’s” vurğulayıb. (Report)