11:27 - 28.02.2025
28 fevral, Fineko/abc.az. Mərkəzi Bankın yanvar ayında yenilənmiş proqnozlara əsasən, ölkədə 2025-2026-cı illərdə inflyasiyanın illik səviyyəsinin hədəf diapazonunda 2%-6% diapazonunda qalacağı gözlənilir.
ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2024-cü il üçün açıqladığı Pul siyasəti icmalında bildirilir.
AMB-nin 2025-ci il üzrə inflyasiya proqnozu 5.5% təşkil edir. Bu proqnoza görə, tənzimlənən qiymətlərin, dövlət istehlakının, ev təsərrüfatlarının istehlakının və digər amillərin inflyasiyaya artırıcı təsiri olacaq. Nominal effektiv məzənnənin (NEM) isə azaldıcı təsir etməsi gözlənilir.
Qeyd edək ki, NEM ölkənin ticarət tərəfdaşlarının valyutalarına qarşı milli valyutanın orta çəkili məzənnəsini göstərir. Güclü NEM idxalı ucuzlaşdıraraq inflyasiyanı azalda bilər.