“İdeal” şadlıq evinin fəaliyyəti dayandırılıb

14:40 - 26.02.2025


26 fevral, Fineko/abc.az. Dövlət Yanğın Nəzarəti Xidməti Bakıda fəaliyyət göstərən “İdeal” şadlıq evinin fəaliyyətini dayandırıb.

 Fövqəladə Hallar Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 196 ünvanında yerləşən “İdeal” şadlıq evində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Belə ki, obyektdə yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb və mövcud qurğulara xüsusi lisenziyası olan təşkilatlar tərəfindən xidmət göstərilməyib. Elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib. Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 196 ünvanında yerləşən “İdeal” şadlıq evinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.