Mərkəzi Bank bu konsepsiyanı təsdiqlədi

10:52 - 20.12.2024


20 dekabr, Fineko/abc.az. Dünya Bankı ilə birgə həyata keçirilən “Maliyyə sektorunun modernizasiyası layihəsi” çərçivəsində Azərbaycan Mərkəzi Bank “Risk əsaslı nəzarətin tətbiqi üzrə yeni Siyasət Konsepsiyası”nı (Konsepsiya) təsdiq edib.

ABC.AZ xəbər verir ki, bu Konsepsiya maliyyə sektorunda mütərəqqi beynəlxalq təcrübəyə uyğun effektiv nəzarət sisteminin qurulmasına və nəticədə maliyyə sektorunda sistem riskinin minimallaşdırılmasına xidmət edir.

Bununla yanaşı, Konsepsiya sənədi yerli və beynəlxalq ictimaiyyətlə Mərkəzi Bankın yeni nəzarət yanaşması ilə bağlı kommunikasiyanı təmin edəcəkdir.

Konsepsiyaya əsasən formalaşdırılmış ARAS (Azerbaijan Risk Assessment System – Azərbaycan Risklərin Qiymətləndirilməsi Sistemi) adlandırılan risk əsaslı nəzarət yanaşması özündə nəzarət subyektlərinin fəaliyyətləri ilə bağlı risklərin erkən aşkarlanmasını, onların və risk idarəetməsi proseslərinin qiymətləndirilməsini, habelə risklərə uyğun proporsional və preventiv nəzarət rejiminin tətbiqini ehtiva edir.

Sənəd risk əsaslı nəzarət dövrünü konseptual şəkildə ehtiva etməklə yanaşı, risk əsaslı nəzarətin təşkilati quruluşunu, o cümlədən Nəzarət Komitəsinin, habelə digər strukturların funksiyalarını müəyyən edir. Komitə nəzarət təlimatlarının təsdiqi, əsaslandırılmış mülahizənin formalaşdırılması, nəzarət təcrübələrinin nəzərdən keçirilməsi, illik nəzarət planları və nəzarət prioritetləri layihəsinin İdarə Heyətinə təqdim edilməsi kimi funksiyaları icra edəcək.

Konsepsiya eyni zamanda AMB-nin "2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası"nda müəyyən edilmiş aşağıdakı hədəflərə nail olunmasına dəstək verəcək:

    Banklara kapital və likvidlik tələblərinin “Bazel III” standartlarına uyğunlaşdırılması

    Sığorta sektorunda “Solvency II” standartlarının tətbiqi

    Kapital bazarında “IOSCO” prinsiplərinin implementasiyası

    Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına qarşı mübarizə və bazar davranışlarına nəzarətin təkmilləşməsi

Konsepsiyanın tətbiqi nəzarət texnologiyaları (SupTech) və rezolyusiya çərçivəsinin təkmilləşməsi ilə dəstəklənəcək.

Sənədi nəzərdən keçirmək üçün bu linkə daxil olmaq lazımdır. (https://uploads.cbar.az/assets/7fd12f0749b180441d54cd4de.pdf)