Azərbaycanda İKT sektorunda işçi sayı 29 faizdən çox artıb

12:23 - 26.11.2024


26 noyabr, Fineko/abc.az. Azərbaycanda İKT sektorunun dəstəklənməsi üçün verilən təşviqlər nəticəsində son 1 ildə bu sahədə işçi sayı 29,1 %, əməkhaqqı fondu 39,7 %, dövriyyə isə 25,6 % artıb. 

ABC.AZ xəbər verir ki, bunu Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov Bakıda keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, təşviqlər çərçivəsində 2023-cü ildən texnoparklardan kənarda fəaliyyət göstərən şirkətlərə də bir sıra vergi güzəştləri və imtiyazlar verilib.

"Bundan başqa, ötən il yanvarın 1-dən 3 il müddətinə İKT işçilərinin 8 000 manata qədər aylıq gəlirindən vergi tutulmur, 2026-cı ildən isə 7 il müddətinə aylıq gəlirin 5 %-i qədər vergi tutulacaq. Həmçinin, ötən il yanvarın 1-dən 10 il müddətində işçilərə məcburi dövlət sosial sığorta haqqını minimum aylıq əməkhaqqı məbləğinin dörd misli miqdarından ödəmək imkanı yaradılıb", - deyə vergi rəsmisi qeyd edib. (Report)