"Coca-Cola" şirkətinin üçüncü rübdə gəlirləri bu qədər azalıb

17:30 - 24.10.2024


24 oktyabr, Fineko/abc.az. "Coca-Cola" şirkəti üçüncü rübdə gəlirlərinin azaldığını açıqlayıb.

ABC.AZ xəbər verir ki, satış həcmlərində dünyada azalmalar müşahidə olunub, amma şirkət yenə də analitiklərin gözləntilərini üstələyib.

Üçüncü rüb üçün gəlir 1% azalaraq 11.9 milyard dollar olub, lakin bu, proqnozlaşdırılan 11.6 milyard dollardan yüksəkdir. Şirkət il ərzində orqanik gəlirin 10% artacağını gözləyir.

İyul-sentyabr dövründə "Coca-Col"a qiymətləri 10% artırıb, əsas səbəb Argentinadakı hiperinflasiyadır. Lakin qiymət artımları tələbatı azaldıb və ümumi satış həcmi 1% aşağı düşüb. "Coca-Cola Zero" Sugar-a tələbat artsa da, digər məhsulların, o cümlədən su, süd və idman içkilərinin satışları azalıb.

Şirkətin rəhbəri Ceyms Kinsi deyib ki, istehlakçılar üzərində təzyiq var və bu səbəbdən içkiləri daha münasib qiymətə təqdim etmək üçün yeni addımlar atılır. Növbəti il üçün isə qiymət artımlarının azaldılması və həcmlərin artımı gözlənilir.