10:58 - 20.08.2024
20 avqust, Fineko/abc.az. Türkiyə ilə Rusiya arasında beynəlxalq qaz mərkəzi layihəsi çərçivəsində İstanbulda qaz ticarəti mərkəzinin yaradılması ilə bağlı heç bir problem yoxdur, Türkiyənin “BOTA” şirkəti və Rusiyanın “Qazprom” şirkəti orada bərabər şəkildə təmsil olunacaq.
ABC.AZ xəbər verir ki, bu barədə Türkiyə Energetika Nazirliyinin rəhbəri Alparslan Bayraktar deyib.
"Biz İstanbul Maliyyə mərkəzində BOTA-Qazprom tərəfdaşlığında Beynəlxalq Mərkəz və ya qaz ticarəti platforması üçün Rusiyalılarla əməliyyat şirkəti yaratmağı planlaşdırırıq. Türkiyənin enerji bazarının tənzimlənməsi idarəsini də oraya köçürürük. Heç bir problemimiz yoxdur", deyə o bildirib.
Türkiyənin ildə istehlak etdiyi təbii qazın həcmi təxminən 50 milyard kubmetr təşkil edir.
"Biz həmçinin bu həcmlərin 15%-ni ixrac etməyə imkan verəcək infrastrukturun yaradılması üçün çalışırıq. Beləliklə, qaz ticarət mərkəzi reallığa çevrilir", - deyə Bayraktar qeyd edib və əlavə edib ki, Türkiyə təbii qazı Rusiya, Azərbaycan, İrandan idxal edir.
O, həmçinin bildirib ki, Türkiyədə 5,8 milyard kubmetrə qədər qaz saxlamağa imkan verən beş qaz anbarı var, 2028-ci ilə qədər qaz anbarının həcminin 10-12 milyard kubmetrə qədər artırılması planlaşdırılır.
18 Avqust 2026