STAR NEZ dizel yanacağı istehsalını azaldıb

16:47 - 30.07.2024


30 iyul, Fineko/abc.az. 2024-cü ilin may ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki STAR neft emalı zavodu (NEZ) 444 122 ton dizel yanacağı istehsal edib. 2023-cü ilin may ayında isə bu göstərici 590 643 ton olub.

ABC.AZ xəbər verir ki, bu barədə Türkiyə Enerji Bazarlarının Tənzimlənməsi İdarəsi (EPDK) bildirir.

EPDK-nin məlumatlarına görə, bu, NEZ-də dizel yanacağı istehsalının illik hesablamada təqribən 25 faiz azalması deməkdir.

Qeyd edək ki, 2024-cü ilin may ayında STAR NEZ-ə 973 min 110 ton xam neft tədarük edilib ki, bu da 2023-cü ilin analoji dövründə tədarük olunmuş 1,018 milyon tonla müqayisədə zavoda neft tədarükünün təqribən 4,5 faiz azalması deməkdir.

Xatırladaq ki, investisiya dəyəri 6,3 milyard olan STAR neft emalı zavodu 2018-ci ilin oktyabrında istismara verilib. Layihənin dəyərinin təqribən 3,3 milyard dolları kreditlərin hesabına qarşılanıb. STAR zavodunun investisiyalarının ümumi həcminin yeddi milyard dollar təşkil edəcəyi gözlənilir. (Trend)