Son 20 ildə sahibkarlara 3 milyard manatdan çox güzəştli kredit verilib

14:43 - 12.01.2024


12 yanvar, Fineko/abc.az. Son 20 ildə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu sahibkarlıq subyektlərinin 45 600-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 3 milyard manatdan çox güzəştli kredit verib.

ABC.AZ xəbər verir ki, bunu Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev bildirib.

Onun sözlərinə görə, bu dövrdə maliyyələşdirilmiş layihələr hesabına 176 mindən çox yeni iş yerinin açılması imkanı yaranıb. Bunun da 80%-dən çoxu regionların payına düşür: “Azərbaycanda sahibkarlığın inkişafı regional iqtisadi siyasətin ən mühüm elementlərindən birinə çevrilib. Regionların yeni sosial-iqtisadi reallığından söz açarkən, ilk növbədə 2004-cü ildən bugünədək ölkədə həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurla icrası yada düşür. Ötən illər ərzində şəhər və rayonlarda, kəndlərdə, qəsəbələrdə infrastruktur layihələri uğurla gerçəkləşib, ölkə vətəndaşlarının həyat tərzinin yaxşılaşdırılması məqsədilə ardıcıl tədbirlər görülmüş və hazırda inkişafa hesablanmış belə layihələrin miqyası genişləndirilir”.