17:28 - 23.08.2023
23 avqust, Fineko/abc.az. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə İsrailin bir sıra aparıcı şirkətlərinin - “FinCom.Co”, “Raycom”, “CySource” və “Sensorz” nümayəndələri Azərbaycana səfər edib.
Agentlikdən ABC.AZ-a daxil olan məlumatda bildirilir ki, səfər çərçivisində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə İsrailin sözügedən şirkətlərinin, habelə “AnD Ventures” vençur fondunun nümayəndələri arasında görüş baş tutub.
İsrailli qonaqlarla görüşlərdə İRİA-nın sədr əvəzi İnarə Valiyeva, sədrin müşaviri Şahin Əliyev, Agentliyin Beynəlxalq Biznesin İnkişafı üzrə rəhbəri Loukas Tzitzis və İnnovasiya üzrə rəhbər İqor Ovçarenko iştirak edib.
Görüş müddətində Texnopark rezidentliyi haqqında qanunun yaratdığı üstünlüklər və Avrasiya bazarının İKT potensialından yararlanmaqda Azərbaycanın doğru seçim olması haqqında məlumat verilib. Bildirilib ki, Agentliyin dəstəyi ilə rezidentlik hüququ əldə etmək istəyən şirkətlərin Azərbaycanda filial və ya təmsilçilik təsis etmələri üçün müvafiq şərait mövcuddur.
Görüşlər əsnasında, həmçinin İsrail şirkətlərinin nümayəndələrinin Azərbaycandakı kadr potensialı, yerli və Avrasiya ekosistemindəki mövcud imkanlar haqqında sualları da cavablandırılıb.
İsrailli nümayəndə heyəti Azərbaycanın ümumi İKT mühiti ilə tanışlıqdan və müsbət nəticələnən işgüzar görüşlərdən məmnunluqlarını ifadə ediblər.
Səfər çərçivəsində israilli nümayəndə heyəti İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Diklə görüşüb.
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026