Pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 3,5 faiz artıb

11:58 - 18.10.2022


18 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Dövlət Statistika Komitəsi yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçıların aldığı mallar barədə statistik məlumatlarla bağlı açıqlama yayıb.

ABC.AZ-ın məlumatına görə, 2022-ci ilin yanvar-sentyabr aylarında qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,9 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7 faizini təşkil edib.

2021-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 3,5 faiz, fərdi sahibkarlar üzrə 1,9 faiz, bazar və yarmarkalarda isə 4,2 faiz artıb.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 392,7 manatlıq, o cümlədən 221,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 171,6 manatlıq qeyri-ərzaq malları alıb.