14:06 - 12.09.2022
12 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 113,2 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 118,9 %, qeyri-ərzaq məhsulları üzrə 107,2 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110 % təşkil edib.
Dövlət Statistika Komitəsindən ABC.AZ-a verilən məlumata görə, bu ilin avqust ayında isə istehlak qiymətləri indeksi iyul ayına nisbətən 100,9 %, ötən ilin avqust ayı ilə müqayisədə 114,2 % olub.
Cari ilin avqust ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma çörəyin, unun, peçenyenin, düyünün, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, qatılaşdırılmış şəkərli südün, kəsmiyin, pendirin, yumurtanın, bitki yağlarının, limonun, xiyarın, sarımsağın, göy lobyanın, mərcinin, şəkər və şəkər tozunun, konfetlərin, kakao tozunun, kola içkisinin, limonadın, pivənin, ucuzlaşma isə əsasən təzə balığın, almanın, armudun, gavalının, şaftalının, qarpızın, yemişin, üzümün, pomidorun, soğanın, kələmin, bibərin, badımcanın qiymətlərində müşahidə olunub.
Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Müəllif: Elmir Murad
18 Avqust 2026