Rusiyanın bu şirkəti "Şahdəniz"dəki payını artırıb

17:13 - 18.02.2022


18 fevral, Fineko/abc.az. Rusiyanın "Lukoil" şirkəti Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" layihəsində Malayziyanın "Petronas" şirkətindən aldığı pay üzrə sövdələşməni başa çatdırıb.

ABC.AZ xəbər verir ki, şirkətin yaydığı məlumata görə, yeni sazişlərə uyğun olaraq, "Lukoil" "Petronas"dan aldığı 9,99% payın dəyəri 1,45 mlrd. dollar təşkil edib.

Xatırladaq ki, 2021-ci ilin dekabrında "Lukoil" şirkəti "Şahdəniz" layihəsində Malayziyanın "Petronas" şirkətindən bu ilin oktyabrında imzalanan payın alınmasına dair sazişə düzəlişlərin imzalandığını elan edib.

Yeni sazişlərə uyğun olaraq, "Lukoil"un "Şahdəniz"də alacağı payı 15,5%-dən 9,99%-ə, əməliyyat məbləği isə proporsional olaraq 2,25 mlrd. ABŞ dollarından 1,45 mlrd. dollara endirilib.