Prezident açılışa qatılıb - Yarımstansiya fəaliyyətə başladı

11:55 - 8.02.2022


8 fevral, Fineko/abc.az. Prezident İlham Əliyev yenidən qurulan dövlətlərarası strateji əhəmiyyətə malik 330/220/110/10 kilovoltluq “Yaşma” qovşaq yarımstansiyasının açılışında iştirak edib.

ABC.AZ xəbər verir ki, “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.

Rusiya-Azərbaycan enerji sistemlərini əlaqələndirərək, dövlətlərarası qovşaq yarımstansiyası funksiyasını daşıyan “Yaşma” yarımstansiyası ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə tikilib.

Prezident İlham Əliyev yarımstansiyanı işə salıb. Məlumat verilib ki, enerji sistemində ilk dəfə məhz bu yarımstansiyada respublikanın şimal-şərq rayonlarının və Abşeron yarımadasının reaktiv gücünü kompensasiya edə biləcək şuntlayıcı reaktor quraşdırılıb.

Yarımstansiyanın ərazisində yeni idarəetmə mərkəzi tikilib. Burada yeni əks-qəza avtomatikası sistemi yaradılıb, yerli mikro-SCADA dispetçer idarəetmə sistemi qurulub və enerjisistem mərkəzi SCADA sisteminə inteqrasiya olunub. Rəqəmsal enerjisistem konsepsiyasına uyğun olaraq, yarımstansiyalarda aktivlərin, proseslərin, resursların idarə edilməsi, tədarük və paylanma zəncirlərinin təkmilləşdirilməsi, qüsurların vaxtında aradan qaldırılması, açılıb-qoşulma əməliyyatları proqram təminatı vasitəsilə avtomatik həyata keçirilir. Bakı-Quba magistral yolundan yarımstansiyaya qədər dörd kilometr məsafədə yol təmir edilib, bir kilometr məsafədə yeni yol çəkilib və daxili yollar salınıb.