09:57 - 29.10.2020
29 oktyabr, Fineko/abc.az. Neft qiymətləri ötən gün 5%-dən çox düşdükdən sonra cümə axşamı ticarətində yüksəlir.
ABŞ-da neft ehtiyatlarının artması, dünyada COVİD-19 xəstəliyinin artması və bəzi ölkələrdə karantin tədbirlərinin qaytarılması barədə məlumatlar bu cür kəskin azalmaya səbəb olmuşdur.
ABŞ-ın Energetika Nazirliyinin məlumatları, oktyabrın 23-də yekunlaşmış həftə ərzində ölkədə neft ehtiyatlarının 4,3 mln. barrel artdığını göstərdi. Ekspertlər, orta hesabla, ehtiyatların 200 min barrel artacağını proqnozlaşdırırlar.
Saat 9: 20-də London ICE Futures birjasında Brent markalı neftin dekabr fyuçersi $0,03 (0,08%) – barrel başına $39,15-ə yüksəldi. Oktyabrın 28-də keçirilən ticarətin nəticələrinə görə, Brent-in dekabr ayı üçün neft fyuçersinin qiyməti $2,08 (5,05%) – barrel başına $39,12-a düşüb.
Saat 9:20-də Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin dekabr ayına olan fyuçersi $0,10 (0,27%) – barel başına $37,49-ə qədər artıb. Oktyabrın 28-də hərracların nəticələrinə görə, WTI-nin dekabr fyuçersləri $2,18 (5,51%) - $37,39-a qədər düşüb.