14:51 - 31.10.2019
31 oktyabr, Fineko/abc.az. Debet və kredit kartları vasitəsilə aparılan əməliyyatlarda nağdsız ödənişlərin səviyyəsi 17%-dən 21%-ə yüksəlib.
ABC.AZ Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, yüksəlmə ilə yanaşı nağd pulun çıxarılması səviyyəsi 83%-dən 78,7%-ə düşüb.
Bu ilin sentyabr ayında debet və kredit kartları vasitəsilə 1 milyard 911 milyon manatlıq əməliyyatlar aparılıb. Əməliyyatların 1 milyard 773 milyon manatlıq hissəsi ölkə daxilində, 138 milyon manatlıq hissəsi ölkə xaricində olub. 1 milyard 773 milyon manatlıq ölkədaxili əməliyyatın 78,7%-ni və ya 1 milyard 395 milyon manatını nağd pulun çıxarılması, 21,3%-ni və ya 378 milyon manatını nağdsız ödənişlər təşkil edib.
Nağdsız ödənişlərin 105 milyon manatı POS-terminallar, 255 milyon manatı elektron ticarət, 18 milyon manatı ATM-lər vasitəsilə həyata keçirilib.
Qeyd edək ki, ötən ilin analoji dövründə debet və kredit kartları vasitəsilə 1 milyard 411 milyon manatlıq əməliyyat aparılmışdı (1 milyard 314 milyon manatı ölkədaxili, 97 milyon manataı ölkəxarici). Ölkə daxilində aparılmış 1 milyard 314 milyon manatlıq əməliyyatın 83%-ni və ya 1 milyard 89 milyon manatını nağd pulun çıxarılması, 224 milyon manatını və ya 17%-ni nağdsız ödənişlər təşkil etmişdi.
Müəllif: Elmir Murad
18 Avqust 2026