Samir Şərifov : Biz Fransa şirkətlərinə əlavə rəqabət imkanı yarada bilərik

14:42 - 29.07.2019


29 iyul, Fineko/abc.az. İyulun 29-da Maliyyə naziri Samir Şərifov Fransanın İqtisadiyyat və Maliyyə naziri Brüno Lö Merin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən verilən məlumata görə, görüşdə Samir Şərifov bildirib ki, Azərbaycan Fransanın Cənubi Qafqaz regionu üzrə əsas ticarət tərəfdaşıdır: “Biz fransız şirkətləri ilə əməkdaşlığın daha da inkişaf etdirilməsində və çoxşaxəli olmasında maraqlıyıq. Birbaşa investisiya qoyulmaqla Azərbaycanda fransız lisenziyası, təcrübəsi və elmi-fikri əsasında istehsal sahələri yaradıla bilər. Fransız şirkətləri Azərbaycanın təşviq imkanlarından istifadə etməklə Fransa istehsalını Azərbaycana köçürə, istehsal edilən əmtəə və xidmətlərin region ölkələrinə sərfəli satışını buradan həyata keçirə bilərlər. Bununla da biz Fransa şirkətlərinə əlavə rəqabət imkanı yarada bilərik”.- deyə nazir qeyd edib.

Öz növbəsində Fransalı nazir Azərbaycanda Fransa şirkətləri üçün əlverişli imkanlar yaradıldığını ifadə edib: “Fransa Azərbaycanla əməkdaşlığının yeni mərhələsinə yüksəlməsində maraqlıdır. O cümlədən Fransa Azərbaycanda neft-qaz layihələri çərçivəsində əməkdaşlığın genişləndirilməsini istəyir.”

Həmçinin Fransalı nazir bildirib ki, Fransa şirkətləri Azərbaycanda alternativ və bərpaolunan enerji mənbələrinin inkişafı, nəqliyyat sektoru, maliyyə, ekologiya və sair sahələrdə əməkdaşlıq etməyə maraqlıdır. Azərbaycanda köhnə, istifadəyə yararsız neft və qaz yataqlarının ekoloji cəhətdən yararlı şəkildə reabilitasiyası ilə bağlı Fransa tərəfindən layihə hazırlanıb və bu layihə reallaşa bilər.