Qarabağ Dirçəliş Fondunun aktivləri 1,74 milyard manata çatıb – Audit hesabatı açıqlandı

15:37 - 25.08.2026


25 avqust, Fineko/abc.az. Qarabağ Dirçəliş Fondu 2025-ci il 31 dekabr tarixinə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun hazırlanmış maliyyə hesabatlarını və müstəqil auditor “PwC Azərbaycan” şirkətinin müvafiq audit rəyini dərc edib.

Auditor şirkətinin rəyinə əsasən, hesabatlar fondun maliyyə vəziyyətini və nəticələrini MHBS-yə tam uyğun və düzgün əks etdirir. Qərar Fondun Müşahidə Şurası tərəfindən qəbul olunub.

Fondun 2025-ci il üzrə əsas maliyyə göstəriciləri:

  • Cəmi aktivlər: Fondun aktivləri 7,5% (122,1 mln. manat) artaraq 1 milyard 739,8 milyon manata çatıb.

  • Maliyyə gəlirləri: İnvestisiya fəaliyyətindən 96,9 milyon manat gəlir əldə olunub (illik 29,94% artım). Bu məbləğin 88,3 milyon manatı borc qiymətli kağızlarının, 8,6 milyon manatı isə bank depozitlərinin faiz gəlirləridir. Maliyyə gəlirlərinin ümumi gəlirlərdə payı 64,27%-ə yüksəlib.

  • İanələr: İl ərzində fonda 53,8 milyon manat ianə daxil olub. 2026-cı ilin ilkin göstəriciləri ianələrdə yenidən artım dinamikasının başladığını göstərir.

  • Mənfəət vergisi: Mənfəət vergisi xərci 31,41% artaraq 19,1 milyon manat təşkil edib. Qeyd olunub ki, vergi yalnız investisiya gəlirlərindən tutulur və ianələr vergidən azaddır.

İnzibati və əməliyyat xərclərindəki artım Qarabağda bərpa və yenidənqurma layihələrinə yönəldilən dəstəyin genişlənməsi və fandreyzinq fəaliyyətinin intensivləşməsi ilə izah olunur.