10:46 - 19.08.2026
19 avqust, Fineko/abc.az. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər Nazirliyi İranla bütün ticarət fəaliyyətinin, alqı-satqı və maliyyə əməliyyatlarının növbəti xəbərdarlığa qədər dayandırıldığını bəyan edib.
BƏƏ-nin rəsmi WAM agentliyinin XİN-in Strateji Kommunikasiyalar Departamentinin direktoru Afra əl-Hamiliyə istinadən verdiyi məlumata görə, İranla həyata keçirilən bütün ticarət-iqtisadi fəaliyyət və maliyyə əməliyyatları dondurulub. Qərarın əhatə dairəsi və icra təfərrüatları barədə hələlik ətraflı məlumat verilməyib.
Bu qərar BƏƏ Müdafiə Nazirliyinin İrandan atılan və dəniz naviqasiyasını hədəf alan 2 balistik raketin dənizə düşdüyünü elan etməsindən dərhal sonra verilib.
Siyasi fon və gərginlik
Yaxın Şərqdəki gərginlik ABŞ və İsrailin İrana birgə zərbələr endirməsindən sonra kəskinləşmişdi. Cavab olaraq Tehran ABŞ hərbi qüvvələrinin yerləşdiyi BƏƏ daxil olmaqla bölgə ölkələrinə hücumlar təşkil etmişdi.
İyunun ortalarında İran və ABŞ Pakistanın vasitəçiliyi ilə hərbi əməliyyatları dayandırmaq və daimi sülh sazişi bağlamaq məqsədilə anlaşma memorandumu imzalamışdı. Lakin memoranduma əməl olunması və Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı fikir ayrılıqları səbəbindən tərəflər arasında danışıqlar sonradan dayandırılmışdı.
19 Avqust 2026
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026