10:08 - 17.08.2026
17 avqust, Fineko/abc.az. “Bloomberg Economics” ekspertlərinin təhlilinə əsasən, qlobal inflyasiya riskləri yüksək səviyyədə qalmaqda davam edir, lakin neft şokunun təsiri bir qədər səngiyib.
Tədqiqatda qeyd olunur ki, İran ətrafındakı münaqişə aşağı intensivlikli balansda davam edir. Hürmüz boğazı ətrafında risklər qalsa da, qısamüddətli dövrdə gərginliyin kəskin artacağına dair əlamətlər azdır və bu amil xam neft qiymətlərinin barrel üçün 90 dollardan aşağı səviyyədə qalmasını təmin edir. "Bloomberg Economics"in baza ssenarisinə görə, qlobal inflyasiyanın 2026-cı ilin IV rübündə 4,5% ətrafında pik həddə çatacağı proqnozlaşdırılır.
Mərkəzi bankların monetar siyasəti
Hesabatda vurğulanır ki, ABŞ-də inflyasiyanın zəifləməsi və kənd təsərrüfatından kənar məşğulluq üzrə zəif göstəricilər FED-in faiz artırmasını çətinləşdirir və dərəcələrin sabit saxlanılmasına şərait yaradır. Lakin digər ölkələrdə sərtləşdirmə addımları atıla bilər: Avropa Mərkəzi Bankının (AMB) sentyabrda, Yaponiya Bankının (BOJ) isə oktyabrda faiz artırmaq ehtimalı yüksək qiymətləndirilir. Inkişaf etməkdə olan bazarlarda isə enerji qiymətlərinin istehlak səbətinə təsiri və "El Nino" təbiət hadisəsinin ərzaq qiymətlərinə təzyiqi əsas risklər olaraq qalır.
Istiqraz bazarları təzyiq altındadır
Dünyanın aparıcı mərkəzi banklarının monetar siyasəti sərtləşdirəcəyi gözləntiləri qlobal istiqraz bazarlarına təzyiq göstərir. İnvestorlar gələn il Yaponiya, Kanada, Böyük Britaniya və Avrozonada borclanma xərclərinin ABŞ-la müqayisədə daha sürətlə artacağını ehtimal edirlər. "Bloomberg"in izlədiyi 32 svop bazarının üçdə ikisində faiz artımları artıq qiymətləndirilib. Bu siyahıya 100 baz bəndindən çox artım gözləntisi ilə Cənubi Koreya başçılıq edir.
1,1 trilyon dollardan çox aktivi idarə edən "Fidelity International"ın portfel meneceri Corc Efstafopulos bildirib ki, ABŞ-dan kənar mərkəzi banklar daha aqressiv sərtləşdirməyə gedərsə, istiqrazlar üzrə itkilər dərinləşə bilər. "Columbia Threadneedle"ın portfel meneceri Ed Al-Hussainy isə əlavə edib ki, yüksək faiz dərəcələri nağd vəsaət saxlayan investorların gəlirliliyini artırır, bu isə dövlətləri və korporasiyaları kapital cəlb etmək üçün daha yüksək gəlirlilik təklif etməyə vadar edir.
17 Avqust 2026
15 Avqust 2026