Mənfəəti 56% azalan "Lufthansa" gəlir proqnozunu aşağı saldı

22:37 - 4.08.2026


4 avqust, Fineko/abc.az. Almaniyanın aviasiya qrupu "Lufthansa"nın faiz və vergiöncəsi mənfəəti (EBIT) II rübdə ötən ilin eyni dövrü ilə müqayisədə 56% azalaraq 383 milyon avroya düşüb.

İtkilərə Yaxın Şərqdəki gərginlik fonunda təyyarə yanacağının xərclərinin kəskin artması və aprel ayında keçirilən pilot tətilinin təsiri səbəb olub.

Hesabatın açıqlanmasından sonra şirkətin səhmləri 9,4% dəyər itirərək mart ayından bəri en böyük enişini yaşayıb. Yaranmış qeyri-müəyyənliklər səbəbindən "Lufthansa" ilsonu mənfəət proqnozunu 1,7-2,2 milyard avro aralığında müəyyən edərək əvvəlki nikbin gözləntilərini aşağı salıb. İllik yanacaq xərclərinin 1,5 milyard avro artacağı proqnozlaşdırılır.

Xərclərə qənaət etmək məqsədilə aviaşirkət "CityLine" törəmə qurumunun fəaliyyətini dayandırır, 20 minə yaxın mənfəətsiz qısaməsafəli reysi ləğv edir və 2030-cu ilədək 4 min inzibati ştatı ixtisar etməyi planlaşdırır.