Mərkəzi Bank: İstehlak kreditlərinin artımında risk görünmür

12:18 - 29.10.2026


29 oktyabr, Fineko/abcnews. Azərbaycanda istehlak və biznes kreditlərinin mövcud artım dinamikasında hər hansı sistemli risk müşahidə olunmur.

Bu barədə keçirilən mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib.

Baş tənzimləyicinin rəhbəri vurğulayıb ki, bank sektorunun iqtisadiyyatın inkişafında, xüsusilə kiçik, orta və mikrosahibkarlığın maliyyələşdirilməsində daha fəal rol oynaması arzuolunandır:

"Hazırkı vəziyyətdə həm biznes, həm də istehlak kreditlərinin artımını nəzərə alsaq, iqtisadiyyatda hər hansı risklərin yarandığını düşünmürük. Kredit portfelindəki cüzi artım ayrı-ayrı borcalanların hesabına baş verir və sistemli xarakter daşımır. Biz kreditləşmənin daha aktiv olmasını istərdik və bu baxımdan tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsini məqsədəuyğun hesab edirik".