Energetika Nazirliyi binalarda enerji sərfinin hesablanması metodologiyasını təsdiqləyib

17:17 - 3.08.2026


3 avqust, Fineko/abc.az. Energetika Nazirliyinin Kollegiyası "Binalarda enerji sərfinin hesablanması metodologiyası"nı təsdiq edib. Bununla bağlı nazir Pərviz Şahbazov yeni qərar imzalayıb.

Qərara əsasən, binanın illik enerji sərfinin hesablanması və enerji effektivliyi sinfinin müəyyən olunması zamanı istilik, soyuqluq və isti su təchizatı, işıqlandırma, eləcə də təbii və mexaniki havalandırma sistemləri nəzərə alınacaq. Binada yerləşən digər enerji istehlak edən sistemlər enerji sərfinin hesablanmasında nəzərə alınsa da, effektivlik sinfinin müəyyən edilməsinə təsir göstərməyəcək.

Sənəddə bərpa olunan enerji mənbələri istisna olmaqla, digər enerjidən istifadə zamanı istixana qazlarının emissiyalarının hesablanması qaydası da yer alıb. Tikinti zamanı layihədən kənarlaşma olarsa və bu, enerji göstəricilərinə təsir edərsə, binanın istismara verilməsi mərhələsində faktiki göstəricilər nəzərə alınaraq hesablamalara düzəlişlər ediləcək.