14:38 - 25.06.2026
25 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 21 sentyabr 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Banklarda kredit risklərinin idarə edilməsi Qaydası" və 15 noyabr 2024-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Bank olmayan kredit təşkilatlarında (BOKT) kredit risklərinin idarə edilməsi Qaydası"nda dəyişikliklər edib.
ABC.AZ xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Qərara əsasən, dəyişikliklər bu il oktyabrın 1-dən qüvvəyə minir.
Qurumun Maliyyə bazarlarının hüquqi təminatı departamentinə tapşırılıb ki, qərarı 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim etsin.
Beləliklə, qərara əsasən, Bank və BOKT müştərinin yazılı müraciəti ilə ona istehlak krediti müqaviləsinin məsafədən bağlanılmasına və ya kredit limitinin artırılması ilə bağlı müqaviləyə məsafədən dəyişiklik edilməsinə bütün satış kanalları vasitəsilə məhdudiyyət qoymaq imkanı yaratmalıdır. Müvafiq məhdudiyyət həmin müştərinin bankda fiziki iştirakı, gücləndirilmiş elektron imzası və ya gücləndirilmiş müştəri autentifikasiyası yolu ilə təqdim etdiyi yazılı müraciəti əsasında aradan qaldırıla bilər.
Bank və BOKT istehlak kreditinin verilməsi zamanı kredit müqaviləsinin məsafədən bağlanılmasına və ya kredit limitinin artırılması ilə bağlı müqaviləyə məsafədən dəyişiklik edilməsinə borcalanın tətbiq etdiyi məhdudiyyətin olmamasını öz informasiya sistemi vasitəsi ilə müəyyən etdikdə, məhdudiyyətin olub-olmamasını kredit bürosunun informasiya sistemi vasitəsilə də yoxlamalı və nəzərə almalıdır. İstehlak krediti üzrə müvafiq məhdudiyyətin mövcud olduğu şəxslə istehlak krediti müqaviləsinin məsafədən bağlanmasına və ya kredit limitinin artırılması ilə bağlı müqaviləyə məsafədən dəyişiklik edilməsinə yol verilmir.
Bank və BOKT Qaydalarda nəzərdə tutulan məhdudiyyəti tətbiq etmiş şəxsdən istehlak krediti müqaviləsinin məsafədən bağlanması və ya kredit limitinin artırılması ilə bağlı müqaviləyə məsafədən dəyişiklik edilməsi üçün müraciət aldıqda, bu barədə müştərini mobil tətbiq və ya SMS məlumatlandırma vasitəsi ilə dərhal məlumatlandırır.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026