ABŞ Azərbaycana ən çox pul baratları göndərən ölkələr arasında dördüncü yerdədir

17:02 - 24.06.2026


24 iyun, Fineko/abc.az. 2026-cı ilin birinci rübündə Azərbaycan ilə ABŞ arasında fiziki şəxslər üzrə pul baratlarının ümumi həcmi 40.09 mln. dollar təşkil edib. Bunun 23.91 mln. dolları ABŞ-dan Azərbaycana daxil olan, 16.18 mln. dolları isə Azərbaycandan ABŞ-a göndərilən vəsaitlərin payına düşüb.

ABC.AZ Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ABŞ-dan Azərbaycana göndərilən pul baratlarının həcmi illik müqayisədə 2.8% artaraq 23.91 mln. dollara çatıb.

Eyni zamanda, Azərbaycandan ABŞ-a köçürülən vəsaitlərin həcmi 13.9% azalaraq 16.18 mln. dollar olub.

Nəticədə, Azərbaycanın ABŞ ilə pul baratları üzrə müsbət saldosu 7.73 mln. dollar təşkil edib. Müqayisə üçün, 2025-ci ilin birinci rübündə bu göstərici 4.48 mln. dollar olmuşdu. Beləliklə, bir il ərzində müsbət saldo 72.5% artıb.

ABŞ 2026-cı ilin ilk rübündə Azərbaycana ən çox pul baratı göndərən ölkələr arasında dördüncü yerdə qərarlaşıb və ümumi daxilolmaların 8.1%-ni formalaşdırıb. Eyni zamanda, ABŞ Azərbaycandan xaricə göndərilən pul baratlarının 15.6%-ni qəbul edərək Türkiyədən sonra ikinci ən böyük istiqamət olub.