BTQ xətti üzrə illik yükdaşıma 5 milyon ton səviyyəsində qiymətləndirilir - Nazir

12:22 - 2.06.2026


2 iyun, Fineko/abc.az. Bildiyiniz kimi, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti yenilənmədən sonra istismra verilib.

Bununla bağlı danışan Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Tamar İoseliani bildirib ki, bu layihə təkcə Gürcüstan üçün deyil, bütövlükdə region üçün mühüm və simvolik əhəmiyyət daşıyır.

ABC.AZ xəbər verir ki, nazir müavini əlavə edib ki, BTQ xətti 2017-ci ildən etibarən sınaq rejimində fəaliyyət göstərib və bu müddət ərzində yükdaşımaların həcmi davamlı olaraq artıb.

"Əminik ki, birgə səylərlə bu dəmir yolunu tam gücü ilə işlədə biləcəyik. Marabda–Kartsaxi dəmir yolu hissəsində genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilib", – deyə o vurğulayıb.

T.İoselianinin sözlərinə görə, mayda Gürcüstanın Baş nazirinin Bakıya səfəri çərçivəsində İkitərəfli Koordinasiya Şurasının Protokolu imzalanıb və bu sənəd layihənin tam istismara verilməsinə əsas yaradıb.

Nazir müavini həmçinin deyib ki, BTQ xətti üzrə illik yükdaşıma potensialı təxminən 5 milyon ton səviyyəsində qiymətləndirilir və gələcəkdə əlavə yük axınlarının cəlb edilməsi planlaşdırılır.