Neft və qaz qiymətlərinin artımı Azərbaycanın dövlət maliyyəsinə müsbət təsir edəcək - Fitch

11:45 - 28.04.2026


28 aprel, Fineko/abc.az. “Neft və qaz qiymətlərinin artması Azərbaycanın xarici və dövlət maliyyəsinə müsbət təsir göstərəcək və 2026-cı ildə iqtisadi artımın sürətlənməsinə töhfə verə bilər”.

ABC.AZ xəbər verir ki, bu barədə “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin hesabatında qeyd olunub.

Hesabatda bildirilir ki, Yaxın Şərqdə müharibə fonunda karbohidrogen qiymətlərinin yüksəlməsi Azərbaycanın ikili profisitlərini gücləndirəcək.

Agentliyin baza ssenarisinə görə, 2026-cı ildə cari əməliyyatlar balansının profisiti ÜDM-in 4,5%-i səviyyəsində qalacaq, konsolidə edilmiş büdcə profisiti isə Dövlət Neft Fondunun aktivlərinin gəlirliliyinin azalacağı gözləntilərinə baxmayaraq, ÜDM-in 2,1%-nə çatacaq.