11:59 - 22.04.2026
22 aprel, Fineko/abc.az. Hesablama Palatası Dövlət Gömrük Komitəsində (DGK) maliyyə uçotu və ödənişlərdə ciddi nöqsanlar aşkarlayıb.
ABC.AZ xəbər verir ki, inzibati cərimələrin tam uçotu aparılmayıb, bəzi hallarda gömrük ödənişlərinin hesablanması və büdcəyə ödənilməsi təmin edilməyib.
Eyni zamanda 602,3 min manat məbləğində işsizlikdən sığorta haqqı tutulmayıb və büdcəyə köçürülməyib.
Audit göstərib ki, bəzi mallar üzrə gömrük prosedurları tamamlanmayıb və bu səbəbdən gömrük ödənişləri hesablanmayıb.
Yeni inzibati binanın tikintisi üzrə 17,9 mln. manatlıq vəsait maliyyə sənədlərində tam əks etdirilməyib. Binanın tikintisi üzrə bəzi müqavilələrdə işlərin qiymətləri artırılıb. Mühasibat uçotu sistemində də problemlər aşkarlanıb. Belə ki, məlumatlar proqram təminatına tam daxil edilməyib, aktivlərin inventarizasiyası vaxtında aparılmayıb. Həmçinin, Komitənin bəzi hesablarında olan vəsaitlərin hərəkəti maliyyə sənədlərində əks etdirilməyib. Bundan əlavə, 746,9 min manat məbləğində gələcək dövrlərə aid xərclər düzgün uçota alınmayıb.
Palata əlavə edib ki, 2023-cü il üzrə bəzi maliyyə göstəriciləri də hesabatlarda düzgün göstərilməyib.
Auditin nəticələrinə əsasən 966,1 min manat dövlət büdcəsinə qaytarılıb, 828,2 min manat natura formasında bərpa edilib, 3,2 mln. manata yaxın vəsait isə maliyyə uçotuna daxil edilib.
3 Avqust 2026
1 Avqust 2026
1 Avqust 2026