Farmasevtika sektorunda 400 milyard dollarlıq sövdələşmə: İnvestorlar "AstraZeneca" və "Bristol Myers" birləşməsini soyuq qarşıladı

17:47 - 3.08.2026


3 avqust, Fineko/abc.az. Böyük Britaniya-İsveç farmasevtika nəhəngi "AstraZeneca" ilə ABŞ-nin "Bristol Myers Squibb" şirkətinin təxminən 400 milyard dollar dəyərində ola biləcək birləşmə haqqında danışıqlar apardığı bildirilir. Tərəflər müzakirələrin varlığını təsdiqləsələr də, sazişin yekun detalları açıqlanmayıb.

Sövdələşmə baş tutarsa, bu, dərman sektorunda tarixin ən böyük birləşmələrindən biri olacaq. Lakin xəbər investorlar tərəfindən mənfi qarşılanıb: "AstraZeneca"nın səhmləri 7,8% ucuzlaşaraq son 10 ayın minimumuna düşüb. Əksinə, "Bristol Myers"in səhmləri isə 8,7%-dək yüksəlib.

Analitiklər və investorlar "AstraZeneca"nın patent müddəti bitməkdə olan dərman problemləri olan bir şirkətlə birləşmə riskini və antiinhisar araşdırmaları ehtimalını şübhə ilə qiymətləndirirlər. Mütəxəssislərin fikrincə, bu sövdələşmədən əsas qazanan tərəf "Bristol Myers"in səhmdarları ola bilər.