SOCAR "Azəri-Çıraq-Günəşli" layihəsində payını 35,3%-ə çatdırıb

16:13 - 3.08.2026


3 avqust, Fineko/abc.az. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku üzrə Yaponiyanın "ITOCHU" korporasiyasına məxsus 3,65%-lik iştirak payını satın alıb.

İştirak payının alınmasına dair müvafiq sənədlər imzalanıb və alqı-satqı əməliyyatı tam yekunlaşıb. Sövdələşmə nəticəsində SOCAR-ın AÇG layihəsindəki payı 31,65%-dən 35,3%-ə yüksəlib.

SOCAR-ın prezidenti Rövşən Nəcəf AÇG-nin regionun enerji təhlükəsizliyinə verdiyi töhfəni və cari ildə yataqdan ilk sərbəst təbii qaz hasilatının başlanmasının əhəmiyyətini vurğulayaraq uzunillik tərəfdaşlığa görə "ITOCHU"ya təşəkkürünü bildirib.

O cümlədən, "ITOCHU" korporasiyasının baş əməliyyat direktoru Tetsuya Yamada qeyd edib ki, bu addım Yapon şirkətinin Azərbaycandan çıxması demək deyil, əksinə SOCAR ilə tərəfdaşlığın yeni mərhələsidir və şirkət ölkədə və beynəlxalq bazarlarda yeni biznes imkanlarını dəyərləndirməyə davam edəcək.