11:22 - 3.02.2026
3 fevral, Fineko/abc.az. -(özəl xəbər)- Türkiyədə ictimai iaşə yerlərində əlavə xidmət haqqı kimi alınan ödənişlər ləğv olunur. Belə ki, bundan sonra bu hallar olduqda obyekt sahibi cərimələnəcək. Bu cür hallar, yəni ictimai iaşə yerlərlərində əlavə xidmət haqqı (servis pulu) almaq Azərbaycanda da son zamanlar artıb.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc ABC.AZ-a bildirib ki, ictimai iaşə yerlərində, kafelərdə, restoranlarda servis haqqı tələb etmək qanuna ziddir:
"Xidmətin sonunda təqdim olunan hesablarda əlavə olaraq, məhsulun qiymətindən əlavə xidmətin xüsusi faizi göstərilirsə, bu qanuna ziddir. Çünki, bu, hesabın şişməsinə, artmasına səbəb olur. Müəssisə rəhbərliyi tərəfindən əlavə vergi olaraq yaradılır ki, bu da qanuna ziddir. Bütün variantlarda yalnız, həmin təşkilat əgər xidmət göstərirsə, məhsulların qiyməti qeyd olunmalıdır. Əgər Əlavə Dəyər Vergisi (ƏDV) ödəyicisidirsə, bu da orda qeyd olunmalıdır. Müəyyən olunan faiz 5, 10, 15, bəzi hallarda 20 faiz həmin xidmət qəbzində göstərilməsi tamamilə qanuna ziddir. Bu barədə qeyd etdiyiniz kimi, Türkiyədə də müvafiq qərar qəbul olunub. Bizdə çox vaxt bunu "çayvoy" yəni əlavə ödəniş kimi qələmə versələr də, əslində həmin məbləğ müəssisənin özünə çatır. Elə bil ki, xidmət haqqından əlavə bonus kimi müəyyənləşir. O, həmin an xidmət eləyən müəssisə işçisinin əlavə ödənişi deyil. Bir çox hallarda yerində bunu dəqiqləşdirmələr aparanda vətəndaşlar görür ki, həmin məbləğ ofisiantlara çatmır, sadəcə müdiriyyətə çatır. Müdiriyyət bununla öz bu və ya digər formada xərclərini kompensasiya edir ki, bu da qanunsuzdur".
Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsini xatırladan müsahibimiz qeyd edir ki, Azərbaycanda da bu ləğv olunmalıdır:
"Daha doğrusu qadağan olunmalıdır. Sırf məhsulun və ya xidmətin qiyməti görünməlidir. Əlavə vergi və yaxud da əlavə bonuslar, həmin xidmət qəbzində öz əksini tapmamalıdır.
Bu, bilirsiniz nədən irəli gəlir? İctimai iaşə obyektlərinə və ümumiyyətlə bu istiqamətdə fəaliyyətə Sovetlər dövründə müəyyən qurumlar nəzarət edirdi. Amma, hal-hazırda konkret keyfiyyət nəzarəti və yaxud da xidmət nəzarəti olduqca zəifdir. Ona görə də bu cür özbaşına addımlar hansı ki, yenə deyirəm qanuna ziddir atılmaqla vətəndaşların ciblərinə girmiş olurlar".
Müəllif: Elmir Muradov
3 Avqust 2026
4 Avqust 2026