Bu obyektlərin sənədləşdirilməsi qanunvericilik baxımından mümkün deyil - Reyestr sədrindən münasibət

11:58 - 29.01.2026


29 yanvar, Fineko/abc.az. Kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa edilən tikililərin heç birinin hüquqi mənada düzgün sənədləri yoxdur.

ABC.AZ xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin sədri Nigar Alimova 2025-ci il ərzində görülmüş işlər və qarşıda duran hədəflərə dair mətbuat konfransında deyib.

O bildirib ki, fərmanın verildiyi gündən indiyədək rəhbərlik etdiyi qurum yüz minlərlə evin leqallaşdırılması və əlindəki sənədlərin hüquqi status alması üçün qeydiyyata daxil edilməsini təmin edib:

"Lakin bəzi tikililərdə, xüsusilə  icazəsi olmayan tikililərində heç bir sənəd mövcud deyil. Çox güman ki, onlar yalnız Bakı bələdiyyələri tərəfindən verilmiş sənədlərə malikdir və bu sənədlərin hüquqi qüvvəsi yoxdur. Çünki torpaqlar bələdiyyələr tərəfindən yalnız qanunla müəyyən edilmiş qaydada verilə bilər, satış və qeydiyyat da müvafiq qanunvericilik çərçivəsində həyata keçirilməlidir. Beləliklə, qeyd etdiyimiz tikililərin sənədləri mövcud deyil və ümumiyyətlə belə sənədlərin qanuni əsası yoxdur. Həmçinin, tikililərin yaşayış məntəqələrinin sərhədlərində yerləşməsi və ya kəndin ərazisində olması, həmin şəxsin qeydiyyata alınmasını avtomatik təmin etmir, çünki müvafiq hüquqi sənədlər olmadan bu mümkün deyil. Əsas problem isə odur ki, bir çox tikililər kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa edilib. Təhlillər göstərir ki, bəziləri mühafizə zonalarında, yüksək gərginlikli elektrik xətləri, qaz boruları, dəmir yolları, su kanalları və digər mühüm infrastrukturların yaxınlığında yerləşir. Belə obyektlərin sənədləşdirilməsi qanunvericilik baxımından mümkün deyil".

Müəllif: Elmir Muradov