İZİA sənaye potensiaılını “Rebuild Garabagh” sərgisində nümayiş etdirir

15:53 - 15.10.2026


15 oktyabr, Fineko/abc.az. Bakı Ekspo Mərkəzində regionun ən böyük inşaat platforması sayılan 31-ci Xəzər İnşaat Həftəsi (“Caspian Construction Week”) çərçivəsində təşkil edilən “Rebuild Garabagh 2026” sərgisi öz işinə davam edir.

Oktyabrın 14-dən 16-dək sürəcək tədbirdə İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) sənaye zonalarının rezidentləri ilə birgə vahid stendlə çıxış edir.

Sərgi zallarında qurulan xüsusi stenddə ziyarətçilərə İZİA-nın fəaliyyət istiqamətləri, sənaye zonalarında investor və sahibkarlar üçün yaradılan müasir infrastruktur, dövlətin təqdim etdiyi vergi-gömrük güzəştləri və təşviq imkanları barədə ətraflı məlumatlar çatdırılır.

Eyni zamanda, rezidentlərin icra etdiyi irimiqyaslı layihələr və istehsal gücü aydın şəkildə nümayiş olunur.

Vahid stenddə sərgilənən yerli sənaye nümunələri Azərbaycanın istehsal potensialını gözlər önünə sərməklə yanaşı, sahibkarlar və xarici tərəfdaşlar arasında yeni işgüzar körpülərin salınmasında mühüm rol oynayır. İqtisadi Zonaların İnkişafı Agentliyinin bu mötəbər tədbirdə fəal iştirakı sənaye zonalarının investisiya cazibədarlığını artırmağa, yerli məhsulların daha geniş bazarlara çıxarılmasına və gələcək biznes əməkdaşlıqlarına yeni təkan verməyə hədəflənib.