Ötən il tikinti obyektlərinə icazə verilməsi ilə bağlı bizə 23587 müraciət daxil olub - Nİgar Alimova

11:30 - 29.01.2026


29 yanvar, Fineko/abc.az. Ötən il kadastr istiqamətində böyük işlər görülüb.

Bunu ötən il görülmüş işlərə həsr olunmuş mətbuat konfransında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova deyib.

2025-ci ildə görülmüş işləri sadalayan N.Alimova bildirib ki, torpaqlarla, onların elektronlaşdırılması, onların iqtisadi tərəfi, ünvan təyin etməklə bağlı işlər kifayət qədər işlər görülüb.

Bununla yanaşı digər işləri də xatırladan sədr ötən il iki mühüm fərmanın icrasının da davam etdirildiyini deyib:

"Əsas məntiq, əsas ideya vaxtı ilə islahat zamanı verilmiş torpaqlara elektron formada çıxarışların verilməsinə nail olmaqdır. Ötən il icrası davam etdirilmiş fərmanlar içərisində ən vaciblərindən biri tikinti obyektlərinə icazələrin verilməsi ilə bağlı idi. 2025-ci ildə bununla bağlı ümumilikdə 23587 müraciət qəbul olunub. Bu günə qədər bizə çıxarış üçün 5260 vətəndaşın sənədi daxil olub. Onların 4602 müraciətinə çıxarış vermişik. Həmçinin, ötən il sənədsiz tikililərin leqallaşdırılması ilə bağlı da işlər görülüb. Bu çox önəmli məsələdir. Belə ki, o tikililərə sahib olan insanlar təhlükədə idi. Bu baxımdan onların leqallaşdırılması da ölkə iqtisadiyyatı üçün önəmli rol oynayır. Həmin tikililər tamamilə sənədləşdirilərək mülki dövriyyəyə daxil edilib".

Müəllif: Elmir Muradov