15:08 - 25.11.2025
25 noyabr, Fineko/abc.az. (Özəl Xəbər) Gələn ildən vergi güzəştlərinin ləğv edilməsi, yeni vergilərin tətbiqi cəmiyyətdə birmənalı qarşılanmayıb. Çoxları bunun qiymətlərə təsir edəcəyini, bəziləri də "kölgə iqtisadiyyatı"nın genişlənəcəyini ehtimal edir. Belə ki, ekspertlər hesab edir ki, özəl sektorda işçilərin maaşından vergi tutulması sahibkarların əməkhaqlarını az göstərməsinə səbəb olacaq. Mövzu ilə bağlı iqtisadçı ekspert Rəşad Həsənovun mövqeyini öyrəndik.
Ekspert ABC.AZ-a bildirdi ki, ilk növbədə iqtisadiyyatın ağardılması istiqamətində tədbirlər genişləndirilməli və səmərəli şəkildə tətbiq edilməlidir.
R.Həsənov hesab edir ki, indiki halda görünən odur ki, Azərbaycanda iqtisadiyyatın formallıq səviyyəsinin artımı ilə nağdsız ödənişlər arasında ciddi əlaqə var.
“Yəni bu, beynəlxalq praktikada da bənzər formadadır. Bir çox hallarda kölgə iqtisadiyyatı ilə qeyri formal sahibkarlıq fəaliyyəti, qeyri formal iqtisadi fəaliyyətlər eyniləşdirilir. Yəni burada nağd dövriyyə kölgə iqtisadiyyatının əsas mənbəyi hesab edilir və buna görə də düşünürəm ki, ilk növbədə bu istiqamətdə tədbirlər genişləndirilməlidir. Pandemiyadan sonra ciddi imkanlar fürsətlər formalaşıb. İnfrastruktur yaranmaqdadır və konservativ baxışlar bu istiqamətdə nisbətən azalır. Eyni zamanda, nağdsız ödəniş vərdişləri də inkişaf edir. Daha təkmil və çevik alətlərlə iqtisadi fəaliyyət sahələrini daha geniş əhatə edən nağdsız dövriyyənin təşviqi effektiv olar”, - deyə R.Həsənov vurğulayıb.
Bütün bunlarla yanaşı, vergi yükünün optimallaşdırılmasını ikinci ən mühüm məqamlardan biri sayan ekspert deyir ki, Azərbaycanda kommersiya gəlirlərində vergi yükü 40 faiz ətrafında dəyişir:
“Bu, məsələn, resurs ölkələri ilə müqayisədə kifayət qədər böyük bir göstəricidir. Müqayisə aparsaq görərik ki, məsələn, Qətər, Küveyt, Bəhreyn, Birləşmiş Ərəb Əmirliyi, Qazaxıstan hətta kapitalizmin əhəmiyyətli səviyyədə geniş tətbiq olunduğu Birləşmiş Krallıqda belə bu göstərici 30 faiz ətrafındadır. Digər sadaladığım ölkələrdə müvafiq göstəricilər üzrə yanaşma daha aşağıdır. Qətər, Küveyt, Bəhreyndə bu göstərici 14 -17 faiz arasında dəyişir, Birləşmiş Ərəb Əmirliyində 18 faizə yaxındır. Yəni bütövlükdə götürəndə bu istiqamətdə tədbirlərin həyata keçirilməsi və artıq iqtisadiyyatın formallıq səviyyəsinin artımından sonra təbii ki, bu gün izlənilən strategiya o baxımdan doğrudur ki, mərhələli keçid yolu ilə müəyyən addımlar atıla bilər”.
Müəllif: Elmir Muradov
8 Avqust 2026
8 Avqust 2026