Hazırda büdcə gəlirlərinin hər 100 manatından 44 manatı verginin hesabına formalaşır

12:32 - 21.11.2025


21 noyabr, Fineko/abc.az. Azərbaycanda vergi siyasəti kifayət qədər yumşaqdır.

ABC.AZ xəbər verir ki, bunu deputat Tahir Mirkişili Milli Məclisin bugünkü plenar iclasında 2026-cı ilin dövlət büdcəsi zərfinə daxil olan Vergi Məcəlləsi və 16 qanuna təklif edilən dəyişikliklər paketinin I oxunuşda müzakirəsində bildirib.

"Vergi dövlət büdcəsinin ən təbii və ən doğru gəlir mənbəyidir. Biz əgər büdcənin gəlirlərinin böyük hissəsinin vergi hesabına formalaşmasına nail olsaq, bu Azərbaycan dövlətinin iqtisadi siyasətində əldə etdiyi ən böyük nəticələrdən biri olar. Hazırda büdcə gəlirlərinin hər 100 manatından 44 manatı verginin hesabına, 18 manatı gömrüyün hesabına formalaşır. Müqayisə üçün deyim ki, Gürcüstanda büdcə gəlirlərinin 78 %-i vergi hesabına formalaşır. Türkiyədə isə bu nisbət 86 %-dir. Mən bu rəqəmlərlə göstərirəm ki, Azərbaycanda vergi siyasəti kifayət qədər yumşaq, vergi yükü digər ölkələrlə müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır və dövlətin iqtisadi siyasətini həqiqətən sosialyönümlü olduğunu deməyə əsas verir", - deyə o qeyd edib.

Bundan başqa, deputatın sözlərinə görə, vergi dərəcələrinin deyil, vergi bazasının artması ilə bağlı işlər görmək lazımdır: "Azərbaycanda vergi dərəcələri qanunla müəyyən olunur və son illərdə mən xatırlamıram ki, hər hansı vergi dərəcəsinin artması ilə bağlı Milli Məclisə qanun layihəsi daxil olunub. Biz həmişə vergi güzəştləri ilə bağlı danışmışıq, vergilərdən azad olunma ilə bağlı danışmışıq. Hazırda Azərbaycanda dövlət büdcəsinin gəlirlərinin 20 %-i qədər - 7,3 milyard manat azadolmalar mövcuddur. Bunun təxminən 3,5 milyar manatı gömrükdən azadolmalardır, 3,8 milyard manatı isə sahibkarlıqdan azadolmalardır". ©Report