Ankara İslam maliyyəsini təkcə Türkiyədə deyil, Azərbaycanda da inkişaf etdirmək istəyir

14:21 - 23.10.2025


23 oktyabr, Fineko/abc.az. Türkiyə Azərbaycanda islam maliyyəsinin inkişafına dəstəyi strateji hədəf hesab edir.

ABC.AZ xəbər verir ki, bunu Türkiyə Prezidentliyinin İnvestisiya və Maliyyə Ofisinin rəsmisi Tarık Akın Bakıda keçirilən İslam Maliyyə Forumunda (İMF) deyib.

T. Akının sözlərinə görə, islam maliyyə sistemi şəffaflıq, uzunmüddətlilik və etik dəyərlərə əsaslanaraq Türkiyənin maliyyə sektorunda sürətlə inkişaf edən və böyük əhəmiyyət verilən bir istiqamətə çevrilib:

"Biz bu sahənin təkcə Türkiyədə deyil, bütün regionda, xüsusilə də Azərbaycanda inkişafına dəstək göstərməyi strateji hədəf hesab edirik".

O vurğulayıb ki, islam maliyyəsinin əsas prinsipləri – riskin bölüşdürülməsi, ədalətli gəlir bölgüsü və real iqtisadiyyatla bağlılıq – dayanıqlı inkişafı dəstəkləyir:

"Bu dəyərlər dayanıqlı iqtisadi artımın, inflyasiyaya davamlı iqtisadiyyatın formalaşmasına xidmət edir. Azərbaycanın enerji potensialı, strateji mövqeyi və inkişaf imkanları ölkənin qlobal maliyyə mərkəzinə çevrilməsi istiqamətində atdığı addımları daha da gücləndirir". © Report