ARDNF-in 9 ayda əldə etdiyi gəlirləri açıqlanıb - Aktivləri 70 milyard dolları keçib

12:05 - 23.10.2025


23 oktyabr, Fineko/abc.az. Bu il oktyabrın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 70 milyard 161,7 milyon ABŞ dolları təşkil edib ki, bu da yanvarın 1-i ilə müqayisədə 16,9 % çoxdur.

ABC.AZ Fonda istinadən xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında ARDNF-in büdcə gəlirləri 13 milyard 73,5 milyon manat, büdcə xərcləri isə 10 milyard 917,8 milyon manat təşkil edib.

9 ay ərzində Fond neft-qaz sazişlərinin həyata keçirilməsindən 7 milyard 837,7 milyon manat, o cümlədən, mənfəət neft-qazının satışından 7 milyard 68,8 milyon manat, bonus ödənişləri və tranzitdən 765,3 milyon manat, akrhesabı ödənişlərdən isə 3,6 milyon manat gəlir əldə edib. Quruma "Azəri-Çıraq-Günəşli" yatağından 6 milyard 183,9 milyon manat, "Şahdəniz" yatağından isə 697 milyon manat vəsait daxil olub. Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlir isə 5 milyard 235,7 milyon manat olub.

Hesabat dövründə ARNDF dövlət büdcəsinə 10 milyard 860,8 milyon manat transfert edib (9 ay ərzində Azərbaycan Mərkəzi Bankının iştirakı ilə həyata keçirilən hərraclarda 4 milyard 350,3 milyon ABŞ dolları məbləğində vəsait satıb), "2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın maliyyələşməsinə 8,2 milyon manat, "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı" nın maliyyələşməsinə 26,1 milyon manat yönəldib, idarəetməyə isə 22,9 milyon manat xərcləyib.