İlk növbədə müstəqil ekspertlər İslam maliyyəsi məhsullarını müəyyən edəcəklər - AMB rəsmisi

11:54 - 23.10.2025


23 oktyabr, Fineko/abc.az. Azərbaycanda həyata keçiriləcək İslam bankçılığı məhsullarının banklarda İslam pəncərəsi modeli vasitəsi ilə tətbiqi nəzərədə tutulur.

ABC.AZ-ın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə sektorunun dayanıqlı inkişafı departamentinin direktoru Rüstəm Tahirov Bakıda keçirilən "İslam Maliyyə Forumu 2025" tədbirində bildirib.

O qeyd edib ki, bu modelin həyata keçirilməsi üçün AMB özünün yol xəritəsini müəyyən edib. "Yol xəritəsi bir neçə sütundan ibarətdir. İlk növbədə İslam maliyyəsi pəncərəsi ilə müstəqil ekspertlər İslam maliyyəsi məhsullarını müəyyən edəcəklər. Bununla bağlı həm maliyyə sektorunun, həm də müxtəlif sektorların assosiasiyaları, müstəqil və beynəlxlaq ekspertlərlə məsləhətləşmələr aparmaqla ilkin mərhələdə tətbiq ediləcək İslam bankçılığı məhsulları müəyyən edilib" - deyə Rüstəm Tahirov bildirib.

AMB rəsmisi əlavə edib ki, İslam bankçılığı məhsullarının tətbiqi üçün qanunvericilik çərçivəsinə ehtiyac var: "Bununla bağlı bir sıra qanunvericilik aktlarına dəyişiklik layihələri hazırlanıb. Bunlar, Mülki Məcəllə, VergiMəcəlləsi, "Banklar haqqında" qanun və digər qanunvericilik aktlarını əhatə edir. Bu layihələr maliyyə sektoruna təqdim edilir. Onların rəyləri toplanılır və müzakirə edilir. Əsas məqsədimiz bu hazırlıq prosesini mümkün qədər tez yekunlaşdırmaq və qanunvericilik paketinə dəyişikliyi yekunlaşdıraraq, baxılması üçün hökumətə təqdim etməkdir".