Azərbaycan Mərkəzi Bankı "FinCoNet"ə tamhüquqlu üzv olub

11:24 - 2.10.2025


2 oktyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi və maliyyə bazarlarında istehlakçıların müdafiəsi üzrə qabaqcıl təcrübələrin tətbiqi çərçivəsində Beynəlxalq Maliyyə İstehlakçılarının Müdafiəsi Təşkilatına ("FinCoNet") tamhüquqlu üzv olub.

ABC.AZ AMB-yə istinadən xəbər verir ki, üzvlük çərçivəsində qurum təşkilatın məsuliyyətli kreditləşmə, rəqəmsal maliyyə xidmətlərində istehlakçıların müdafiəsi, bazar davranışına nəzarət və risklərin qiymətləndirilməsi üzrə işçi qruplarında iştirak etmək hüququ qazanıb.

Bundan əlavə, bu üzvlük beynəlxalq səviyyədə qəbul olunan siyasət sənədlərinin hazırlanması prosesinə cəlb olunmaq, həmçinin mövcud siyasət sənədləri və tədqiqat bazasına çıxış əldə etmək imkanı verir.

AMB "FinCoNet" üzvü kimi maliyyə istehlakçılarının müdafiəsi və bazar davranışının tənzimlənməsi üzrə qabaqcıl təcrübələri öyrənə, beynəlxalq səviyyədə qəbul edilmiş təcrübə və yanaşmalarla tanış ola, həmçinin təşkilatın gündəliyinin müəyyən edilməsində iştirak edərək prioritet istiqamətlərin formalaşdırılmasına töhfə verə biləcək.