11:55 - 19.09.2025
19 sentyabr, Fineko/abc.az. Ailə bizneslərinin qorunması üçün xüsusi dəstək mexanizmləri mövcuddur.
ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva bildirib.
O qeyd edib ki, bu dəstək yalnız qadınlara deyil, ümumilikdə ailə bizneslərinin inkişafına xidmət edir:
"Gənc qızların sahibkarlığa cəlb olunması, startaplarda iştirakı və dövlət proqramlarından faydalanması xüsusi əhəmiyyət kəsb edir. Qarabağ bölgəsində qadınlara göstərilən dəstək də dövlətin bu sahəyə diqqətinin göstəricisidir. Lakin əsas çətinlik qadın sahibkarların birləşdiyi assosiasiyaların zəif inkişaf etməsi, şəbəkələşmənin kifayət qədər olmamasıdır. Halbuki bu assosiasiyalar güclənməli, layihələr hazırlamalı və qadın sahibkarların hüquqlarını daha effektiv müdafiə etməlidirlər".
O əlavə edib ki, dövlət dəstəyi ilə yanaşı, xüsusi bank mexanizmləri, sosial müdafiə proqramları, şəhid və qazilərimizin ailələrindən olan qadınlara, həmçinin fiziki məhdudiyyətli qadınlara yönəlik təşəbbüslər həyata keçirilməlidir:
"Əgər assosiasiyalar düzgün araşdırma aparıb təkliflərini Milli Məclisə təqdim etsələr, bu məsələlərin hüquqi həlli daha sürətli ola bilər".
3 Avqust 2026