ADB: Regionda problemli kreditlər üzrə ən yaxşı göstəricilərdən biri Azərbaycana aiddir

12:00 - 9.09.2025


9 sentyabr, Fineko/abc.az. 2024-cü ildə Mərkəzi Asiya ölkələrində problemli kreditlərin (NPL) həcmi artıb, lakin Azərbaycanın göstəricisi sabit qalıb.

ABC.AZ APA-ya istinadla  xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankından (ADB) bildirilib.

Məlumata əsasən, regionun ümumi problemli kredit həcmi ötən illə müqayisədə 12,3% artaraq 4,6 mlrd. ABŞ dollarına çatıb. Bununla belə, Mərkəzi Asiyada orta NPL nisbəti 0,1 faiz bəndi azalaraq 2,7%-ə enib. Ölkələr üzrə təhlil göstərir ki, 2024-cü ilin sonuna Azərbaycanın bank sektorunda problemli kreditlərin ümumi həcmi 0,39 mlrd. ABŞ dolları təşkil edib.

Bu göstərici 2023-cü illə müqayisədə 6,6% artıb. Bununla belə, problemli kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi dəyişməyərək 1,9% səviyyəsində qalıb.

Bu göstərici region üzrə ən aşağı səviyyələrdən biri hesab olunur. Ermənistan isə 1,2%-lik göstərici ilə ən yaxşı nəticəni nümayiş etdirib. Qazaxıstanda NPL nisbəti 3,1%, Özbəkistanda isə 3,9% təşkil edib.