Hesablama Palatası daha üç dövlət qurumunda yoxlama aparıb

16:08 - 28.07.2025


28 iyul, Fineko/abc.az. Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə Kollegiya iclası keçirilib.

ABC.AZ xəbər verir ki, iclasda sədr Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamlarına əsasən 3-cü dərəcə dövlət müşaviri ixtisas dərəcəsinin verilməsinə görə Həsənov Vaqif Muxtar oğlunu və Əliyeva Fərqanə Kamil qızını, “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif edilən Hesablama Palatasının əməkdaşları Qasımova Qönçə Əli qızını, Eyvazov Sənan Qəni oğlunu, Əzizov Ramal Rəsul oğlunu, Əfəndiyev Sərdar Nəsrəddin oğlunu təbrik edərək təltifləri təqdim edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra iclasda Hesablama Palatasının 2025-ci ilin altı ayı üzrə fəaliyyətinə dair məlumat müzakirə edilib. Müvafiq sənədə kənar dövlət maliyyə nəzarəti tədbirlərinə, həmçinin büdcə prosesində iştiraka dair icmal-statistik məlumatların daxil edildiyi, həmçinin Hesablama Palatasının Strateji Planının icra vəziyyətindən bəhs edildiyi qeyd olunub. Müzakirələrin nəticəsinə əsasən 6 aylıq məlumatın, həmçinin bəzi nəzarət tədbirlərinin nəticələrinin rəsmi internet səhifədə yerləşdirilməsi qərara alınıb.