“Azərsun Holding” MMC hesabat açıqladı - Bütün göstəricilər üzrə geriləyib

09:57 - 7.07.2025


7 iyul, Fineko/abc.az. “Azərsun Holding” MMC və onun törəmə müəssisələri 2024-ci ildə 43.97 milyon manat xalis mənfəət əldə etməklə öncəki ildən xeyli zəifləyib. Halbuki, 2023-cü ildə holdinqin 58.31 mln. manat xalis mənfəəti olmuşdu.

ABC.AZ holdinqin maliyyə hesabatına istinadən xəbər verir ki, bununla da bölüşdürülməmiş mənfəətin həcmi 684.8 mln. manat olub.

Qrupun ümumi gəliri 2024-cü ildə 1 milyard 661 milyon manat təşkil edib. Bu göstərici 2023-cü ildəki 1 milyard 811 milyon manat ilə müqayisədə 8.25% və ya 149.5 milyon manat azalmışdır.

Satışların maya dəyəri isə 2024-cü ildə 1 milyard 213.9 milyon manat, 2023-cü ildə isə 1 milyard 347.7 milyon manat olub. Bu da 133.8 milyon manat və ya 9.93% azalma deməkdir. Maya dəyərinin daha çox azalması sayəsində ümumi mənfəət 447.4 milyon manat olub ki, bu da əvvəlki ilə nisbətən 3.4% azalmadır.

Əməliyyat xərcləri və digər təsirlər nəticəsində vergidən əvvəlki mənfəət 73.4 milyon manat təşkil edib – bu da 2023-cü ilin 86.9 milyon manatı ilə müqayisədə 15.5% azalamdır.