Üç ayda əhali bu xidmətlərə 18,5 milyard manat xərcləyib

11:41 - 15.04.2025


15 aprel, Fineko/abc.az. 2025-ci ilin yanvar-mart aylarında ölkədə istehlak bazarında nəzərəçarpacaq canlanma müşahidə olunub.

Üç ay ərzində (yanvar-mart) əhalinin tələbatını ödəmək məqsədilə satılan malların və göstərilən xidmətlərin ümumi dəyəri 18,5 milyard manat təşkil edib.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,1 faiz çoxdur.

Satışların əsas hissəsi – 78,9 faizi pərakəndə ticarətin, 18,1 faizi ödənişli xidmətlərin, 3,0 faizi isə ictimai iaşə obyektlərinin payına düşüb.

Qeyri-dövlət sektoru da bazarda fəallığını qoruyub. Belə ki, bu sahədə satılmış malların və göstərilmiş xidmətlərin ümumi dəyəri 17,7 milyard manat olub ki, bu da illik müqayisədə 4,9 faiz artım deməkdir. Diqqətçəkən məqamlardan biri də odur ki, bu dövriyyənin 44,9 faizi fərdi sahibkarların payına düşür.

İstehlakçıların ay ərzində xərclədikləri vəsait də artıb. Belə ki, orta hesabla hər bir vətəndaş ayda 602,3 manat xərcləyib – bu rəqəm 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə 54,0 manat çoxdur.